Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) pak cənazəsinin vida və tarixi dəfn mərasimi münasibətilə mühüm və strateji müraciət yayımlayıb. Müraciətdə Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətinin İran, İslam dünyası və həmçinin bütün dünya azadlıqsevərləri üçün daşıdığı missiya və mesajlar izah edilib.
Bağışlayan və mehriban Allahın adı ilə
وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْیَاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ
مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُم مَّن قَضَیٰ نَحْبَهُ وَمِنْهُم مَّن یَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلًا
Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir. (Ali İmran surəsi 169)
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab surəsi 23 cü ayə)
Böyük İslam ümməti, dünyanın azad insanları və məzlumları, eləcədə uzaqgörən millətlər və dünyanın hər yerindəki oyaq vicdanlar!
Bu gün İslam dünyası, hətta ədalətə susuz olan bütün bəşəriyyət yalnız bir ölkəyə və ya bir xalqa deyil, bütün ümmətin ortaq sərvəti, peyğəmbərlər və ilahi övliyalar yolunun varisi olan uca bir şəxsiyyətin matəmini yaşayır. Müdrik rəhbər, böyük mərcəi-təqlid və İslam İnqilabının rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin (r) məzlumcasına şəhadəti yalnız müəyyən bir coğrafiyanın çərçivəsində dəyərləndirilə bilməz. Bu hadisə İslam dünyasının taleyüklü prosesləri və bəşəriyyətin böyük dönüşləri fonunda qiymətləndirilməlidir.
O böyük şəxsiyyət saysız-hesabsız fəzilətləri özündə cəm etmiş, seçkin xüsusiyyətlərin parlaq bir nümunəsi idi. Onun bənzərsiz şəxsiyyətinin nuru İranda və bütün dünyada işıq saçaraq qlobal prosesləri dəyişdirdi, İranın və İslam ümmətinin tərəqqisinə, inkişafına və əzəmətinə səbəb oldu.
Şəhid İmam qlobal düşüncənin nümunəsi idi. Onun təfəkkürü milli və etnik sərhədləri aşaraq insan ləyaqəti, ədalət və təkəbbürə qarşı müqavimət kimi ümumbəşəri dəyərləri özündə birləşdirən qlobal bir düşüncə məktəbi formalaşdırdı. O, qlobal çağırış və təhdidləri dərindən anlayır, sivilizasiyalar dövrünə uyğun dillə danışırdı. Onun təqdim etdiyi ilahiyyat qurtuluş ilahiyyatı idi. Allahı məzlumların həyatının mərkəzinə gətirən, imanı isə xalqların azadlığına xidmət edən bir qüvvəyə çevirən ilahiyyat.
Onun ali mərcəiyyət məqamı da məhz bu istiqamətin davamı idi. fiqhi tarixi məsuliyyət və ümmətin taleyi ilə birləşdirən bir mərcəiyyət. O, xalqın atası, müqavimət ruhunun əfsanəsi, ümmətin rəhbəri və millətin canı idi.
ABŞ və İsrailin qara simalı cinayətkarlarının bu şəhadətlə nəticələnən dəhşətli cinayəti, onu planlaşdıranların düşüncəsində bu hərəkata, xalqa və dövlətə sarsıdıcı zərbə vurmalı, onların qəfil süqutuna səbəb olmalı idi. Məhz burada onun rəhbərliyinin əzəmətinin mühüm cəhətlərindən biri üzə çıxır. O, illər boyu həm ümmət qurmuş, həm də dövlət quruculuğu həyata keçirmişdi. İnsanları öz şəxsiyyətinə deyil, Allaha, ilahi əsaslara və böyük, həyatverici ideallara bağlamışdı. Öz fərdi xarizmasına söykənən rəhbərlərin xarizması sarsıldıqda, xalqın və dövlətin nizamı da dağılır. Lakin Şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərlik sistemi elə qurulmuşdu ki, düşmənin bütün strateji hesablamalarına baxmayaraq, ölkədə nə qarışıqlıq, nə də süqut baş verdi. Əksinə, hər şey möhkəmlik və birlik istiqamətində davam etdi. Bu da insanların şəxslərə deyil, Allaha bağlandığını göstərən məktəbin haqq olduğunun növbəti sübutudur.
Ey rəşadətli ümmət! Bu pak qanın intiqam hissi qəlblərdə daim diri qalmalıdır. Bu, ötəri emosional hiss deyil, onun qanı ilə yazdığı yolu davam etdirmək üçün sarsılmaz iradə olmalıdır. Şəhidlərin qanı yol göstərən çıraqdır və onların ideallarına sədaqət göstərmək həqiqi qan intiqamıdır. Şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamı emosional qarşıdurma deyil, yeni şəraitdə zülmə və təkəbbürə qarşı mübarizənin davam etdirilməsi və müqavimət cəbhəsinin əsas vəzifələrindən biridir.
Müraciətdə vurğulanır ki, onun şəhadəti İran və İslam dünyasının müxtəlif təbəqələri üçün aydın mesajlar daşıyır.
Birinci mesaj budur ki, şəhadət ümmət üçün itki deyil, sərvətdir. Düşmənin qələbəsi deyil, onun rüsvayçılığıdır. Düşmən İranın alim və müdrik rəhbərini terror etməklə xalqın iradəsini sındıracağını düşünürdü. Halbuki ilahi sünnəyə görə, şəhidlərin pak qanı iman köklərini daha da möhkəmləndirir, xalqların iradəsini gücləndirir və haqq yolunu daha da işıqlandırır. Şəhidin məqamı nə qədər uca olarsa, onun İslam ümməti üçün gətirdiyi bərəkət də bir o qədər böyük və təsirli olar.
İkinci mesaj isə hegemon qüvvələrin bütün hesablamalarının puça çıxmasıdır. Üçüncü məcburi müharibədə xain və cinayətkar düşmən həyata keçəcəyini düşündüyü məqsədlərə çata bilmədi və bir daha ağır məğlubiyyətə uğradı. İranın parçalanması, İslam Respublikasının devrilməsi, İran xalqının təslim edilməsi, milli sərvətlərin ələ keçirilməsi, eləcədə sionist rejimin təhlükəsizliyinin təmin olunması və müqavimət cəbhəsinin məhv edilməsi planları Şəhid Ayətullah Seyid Əli Xameneinin (r), sərkərdələrin, Minab şəhidlərinin və İmam Hüseyn (ə) yolunun minlərlə şəhidinin pak qanı sayəsində tamamilə iflasa uğradı.
Düşmən nəinki bu məqsədlərin heç birinə nail ola bilmədi, əksinə, ağır məğlubiyyətlərə uğradı. Dünyanın ən böyük üstün dövlətinin qüdrət və nüfuzunun necə sarsıldığını bütün yönləri ilə izah etmək uzun illər dərin elmi araşdırmalar tələb edir. ABŞ-ın bölgədəki hərbi bazalarının məhv edilməsi, İsrailin strateji hədəflərinin vurulması, müqavimət cəbhəsinin daha da güclənməsi, Hörmüz boğazına nəzarətin təmin olunması, İran xalqının dirçəlişi və milli birliyinin möhkəmlənməsi, İranofobiya layihəsinin iflasa uğraması, dünya xalqlarının İrana dəstəyinin artması, ABŞ və uşaq qatili sionist rejimin əsl simasının ifşa olunması, eləcə də İranın bir fövqəldövlət kimi meydana çıxması bu müharibədə qazandığımız böyük qələbələrin əsas istiqamətlərindəndir.
إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
(Məhəmməd surəsi, 7-ci ayə)
Tərcüməsi: “Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.”
Üçüncü mesaj İslam ümmətinin birliyinin nümayişidir. Bu gün Livanın Hizbullah, Yəmənin Ənsarullah, İraqın Həşdi Şəabi və Fələstinin müqavimət cəbhəsindən ibarət vahid cəbhə formalaşıb və bu cəbhə gündən-günə daha da möhkəmlənməli və daha sıx birləşməlidir. Mürəkkəb fitnələrin hökm sürdüyü indiki dövrdə İslam ümməti üçün birlik, bəsirət və məsuliyyət hissindən daha qiymətli heç bir sərmayə yoxdur.
Dərk edilməlidir ki, bu mərhələ həlledici və taleyüklü bir dövrdür. İranın, İslamın və müqavimət cəbhəsinin yeni qüdrət dövrü artıq başlanmışdır. Bu böyük dəyişikliklər ilahi alimlərin və uzaqgörən xalqların əsrlər boyu apardıqları mübarizə və fədakarlıqların bəhrəsidir. Bu yol həzrət Ayətullah İmam Xomeyninin (r) rəhbərliyi ilə başlanmış, Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) rəhbərliyi ilə davam etdirilmişdir. Bu irs İslam ümmətini və məzlum xalqları əsrlərlə davam edən əzab və zülmdən xilas etmək, yeni güc mərkəzlərinin və yeni İslam sivilizasiyasının formalaşması, həmçinin İmam Zamanın (ə.f) zühuruna zəmin hazırlamaq məqsədilə öz bəhrəsini vermişdir. Bu tarixi anın proseslərini və dəyişən beynəlxalq münasibətləri düzgün dərk etmək ümmətin bütün xeyirxah insanlarının və mütəfəkkirlərinin üzərinə düşən bir vəzifədir.
Bu mübarək nəşin dəfn mərasimi misilsiz, zaman və məkan sərhədlərini aşan tarixi hadisə kimi tarixə həkk olunmalıdır. İslam dünyasının ən nüfuzlu şəxsiyyətlərinin, qlobal simaların, ümmətin güclü media qurumlarının, eləcədə alimlərin, ziyalıların, mücahidlərin və həmçinin dünyanın azadlıqsevərlər insanlarının bu möhtəşəm mərasimdə bir araya gəlməsi bu qəhrəmanlıq salnaməsinin bütün dünyaya yayılmasına və Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) böyük mesajlarının bütün qitələrdə, xüsusilə də İslam aləmində yaşayan insanların qəlbinə çatmasına şərait yaradacaqdır. Bu möhtəşəm iştirak haqq yolunun həqiqiliyini bəyan edən yüksək bir nida, iman, ədalət, istiqlal, izzət, müqavimət və gələcəyə ümid prinsiplərinə yenidən sədaqət andı olacaqdır. Bu dəfn mərasimi İranın və İslam dünyasının tarixində qızıl hərflərlə yazılacaq parlaq bir səhifə açacaqdır.
Bütün xalq təbəqələrini, İmam Xomeyni və İmam Xamenei məktəbinin davamçılarını, eləcə də bu böyük müsibətdən kədərlənən hər kəsi bu möhtəşəm tarixi hadisədə geniş şəkildə iştirak etməyə çağırıram. Qoy bu möhtəşəm iştirak Ayətullah Seyid Əli Xameneinin xalqın qəlbindəki yüksək məqamını bütün dünyaya nümayiş etdirsin və hər kəsə çatdırsın ki, İnqilab yolu və Ramazan ayının şəhidinin yolu davam edəcək, əziz xalqın və dəyərli şəhidlərin qanının intiqamı mütləq alınacaq.
Bu məqamda bu möhtəşəm hərəkatın memarı, həzrət İmam Xomeynini (r) necə yad etməmək olar?! O böyük dirçəliş rəhbəri öz yüksək düşüncələri ilə müqavimət oxunun təməlini qoydu və şəhidlər karvanını hərəkətə gətirdi. Şəhid Ayətullah Seyid Əli Xamenei də həmin yolun və həmin məktəbin həqiqi davamçısı idi. O, ömrünün sonuna qədər İslam İnqilabının idealları uğrunda möhkəm dayandı, xalqı və İran İslam Respublikası uğrunda özünü fəda etdi.
Bu gün Elmi hövzələrin, universitetlərin, elmi elitanın, mütəfəkkirlərin və media nümayəndələrinin üzərinə daha böyük məsuliyyət düşür. Bu möhtəşəm iştirakı qalıcı mədəni, elmi və sivilizasiya hərəkatına çevirmək lazımdır. Bizim vəzifəmiz həqiqəti izah etmək, düşüncə irsini qorumaq, gələcəyin üfüqlərini müəyyənləşdirmək və bu yolu davam etdirməkdir. İslam tarixinin böyük şəxsiyyətləri nəsillərin ilham aldığı əbədi məktəblərə çevrilirlər.
Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) yolunu davam etdirmək dövrün İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə səmimi, düzgün və imanla itaət etməkdən keçir. Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həmin şəhid Ayətullah Seyid Əli Xameneinin varlığının, düşüncələrinin və mübarək rəhbərlik məktəbinin aydın və nurlu davamıdır.
Uca Allahdan bu əziz şəhidin məqamının ucalmasını, onun ilahi övliyalar sırasına qovuşmasını, eyni zamanda İran xalqına səbir və uzaqgörənlik, İslam ümmətinə birlik, müqavimət cəbhəsinə isə qüvvət, xalqların oyanışı və ilahi vədlərin gerçəkləşməsi üçün zəmin yaradılmasını diləyirik.
Yol aydındır və karvan öz hərəkətini davam etdirir.
وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
(Yusif surəsi, 21-ci ayə)
Tərcüməsi: “Allah öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.”
والسلام علی عبادالله الصالحین
Allahın saleh bəndələrinə salam olsun.
Rəyiniz